Akademik Məcid Lətif oğlu Rəsulov
Akademik Məcid Lətif oğlu Rəsulov 1950-1960-cı illərdə Lvov Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dosenti vəzifəsində çalışmışdır. M.L.Rəsulov 1960-cı ildə V.A.Steklov adına Riyaziyyat İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. 1964-cü ildə ümumi riyaziyyat kafedrasının bazasında onun təşəbbüsü və bilavasitə iştirakı ilə yeni “Riyazi fizika tənlikləri” kafedrası yaradıldı. Bu sadəcə kafedranın adının dəyişdirilməsi deyil, yeni elmi istiqamətin yaranması və möhkəmləndirilməsi idi. Məhz, yeni elmi istiqamətin yaranmasını təsdiq edən hadisələrdən biri də professor M.L.Rəsulovun 1964-cü ildə Moskvanın “Nauka” nəşriyyatında çap olunmuş iri həcmli “Kontur inteqralı üsulları” fundamental monoqrafiyası idi. M.L.Rəsulovun işləyib hazırladığı iki yeni üsul- çıxıqlar və kontur inteqralı üsulları bu monoqrafiyda öz sistematik şərhini tapmışdır. Digər klassik üsulların tətbiq oluna bilmədiyi bir çox mürəkkəb sərhəd və qarışıq məsələlərin həlli üçün nəzəri əsas yaradan “Kontur inteqrallar üsulu” monoqrafiyası 1967-ci ildə Şimali Hollandiyada Nəşriyyat Şirkəti tərəfindən ingilis dilinə tərcümə edilmiş və böyük tirajla çap olunmuşdur. 1975-ci ildə Moskvanın “Nauka” nəşriyyatında alimin “Kontur inteqrallar üsulunun tətbiqi” adlı ikinci monoqrafiyası çıxmışdır. Bunlardan başqa professor M.L.Rəsulov 180-ə qədər elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 20-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir.
Akademik M.L.Rəsulovun elmi pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, bir sıra orden və medallarla təltif olunmuşdur.