Akademik Mirabbas Göycə oğlu Qasımov
Akademik Mirabbas Göycə oğlu Qasımov
1956-cı ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildən MDU-nun Mexanika-riyaziyyat fakültəsinə köçürülmüş və oranı 1961-ci ildə bitirmişdir.
M.G. Qasımov 1964-cü ildə namzədlik dissertasiyası, 1967-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1968-ci ildən BDU-nun professorudur.
M.G. Qasımov 1969-70-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmişdir.
O, 1972-ci ildən BDU-nun “Tətbiqi riyaziyyat” kafedrasının müdiridir.
M.G. Qasımov 1970-1976-cı illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Xüsusi törəməli diferensial tənliklər” şöbəsinin müdiri işləmişdir.
Akademik M.G. Qasımov 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü (akademik) seçilmişdir.
O, 1989-cu ildə BDU-nun “Tətbiqi riyaziyyat” fakültəsinin dekanı işləmiş, həmin ildə Azərbaycan Respublikasının Təhsil nazirinin birinci müavini təyin edilmişdir.
M.G. Qasımov 1990-92-ci illərdə BDU-nun rektoru işləmişdir.
M.G. Qasımovun tədqiqatları funksional analiz və onun tətbiqləri, riyazi fizika və diferensial tənliklər sahəsindədir. Sinqulyar Şturm-Liuvill tənliyi üçün iki spektrə görə tərs məsələni həll etmiş, Dirak operatoru və bir sıra riyazi fizika tənlikləri üçün spektral analizin tərs məsələlərinin nəzəriyyəsini vermiş, öz-özünə qoşma olmayan xüsusi törəməli və bir sinif mücərrəd operatorların spektral ayrılışını almış, yüksəktərtibli tipsiz operator-diferensial tənliklər üçün korrekt məsələni qoymuş, onun operator qiymətli çoxhədlilərin faktorizasiya məsələlərinə tətbiqini göstərmişdir.
M.G. Qasımov riyaziyyatçıların üç Beynəlxalq konqresində (Moskva – 1966, Nitsa – 1970, Vankuver - 1974) iştirak etmişdir.
O, 1977-ci ildə Varşavada S.Banax adına Beynəlxalq riyaziyyat mərkəzinin dəvəti ilə orada bir sıra silsilə elmi məruzələr etmişdir.
M.G. Qasımov 70-ə yaxın elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.
M.G. Qasımov Egey-İzmir və Səlcuq-Konya Universitetlərinin fəxri doktorudur.
Elmdə göstərdiyi görkəmli xidmətlərə görə M.V.Keldış adına qızıl medala layiq görülmüşdür.