Akademik Zahid İsmayıl oğlu Xəlilov
Akademik Zahid İsmayıl oğlu Xəlilov funksional analiz və riyazi fizika sahələri üzrə mütəxəssisdir. Z.İ.Xəlilov ilk fizika-riyaziyyat elmləri doktoru adını almış Azərbaycan riyaziyyatçısıdır. O, 1946-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Z.İ.Xəlilov Azərbaycanda funksional analiz məktəbinin yaradıcısı olmuşdur. O, ömrünün 40 ilindən çoxunu səmərəli pedaqoji və elmi fəaliyyətə sərf etmişdir. Akademik Z.İ. Xəlilov 1935-1944–cü illərdə BDU-nun nəzəri mexanika kafedrasının müdiri vəzifəsində işləmişdir. O, sonralar funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında professor vəzifəsində çalışmışdır. 1955–ci ildən başlayaraq o, Elmlər Akademiyasında bir sıra məsul vəzifələrdə çalışmış, fizika-texnika və riyaziyyat elmləri şöbəsinin akademik-katibi, prezident müavini, 1962-1967–ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuşdur. 1967–ci ildən ömrünün sonunadək Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir. Onun elmi fəaliyyətini funksional analiz, diferensial və inteqral tənliklər sahəsində bir çox problemlər, habelə, onların mexanikanın müxtəlif konkret məsələlərinə tətbiqi problemləri əhatə edirdi.
O, ilk dəfə normallaşdırılmış halqalarda abstrakt sinqulyar operatorlar nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdir.Z.İ.Xəlilov əski sovetlər birliyində funksional analiz üzrə ilk monoqrafiyalardan biri olan “Funksional analizin əsasları”–nın (1949, rus dilində) müəllifi olmuşdur. O, funksional analizin üsullarını sərhəd məsələlərinin və optimal idarəetmə məsələlərinin həllinə müvəffəqiyyətlə tətbiq etmişdir.
Onun tərəfindən qazın və qazlaşdırılmış neftin süzülmə nəzəriyyəsinin ümumi məsələsi həll edilmişdir. Z.İ. Xəlilov “Funksional analiz və onun tətbiqləri” ümumittifaq jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Onun rəhbərliyi ilə 30–dan çox elmlər namizədi və elmlər doktoru yetişdirilmişdir.
Akademik Z.İ.Xəlilov əməkdar elm və texnika xadimi fəxri adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni və keçmiş SSRİ-nin bir neçə medalı ilə təltif olunmuşdur.
Hazırda Bakı Dövlət Universitetinin yerləşdiyi küçə onun şərəfinə adlandırılmışdır.