Hesablama riyaziyyatı kafedrasının 2010-2011-ci tədris ilindəki nailiyyətləri

Prof. Q.Y. Mehdiyevanın rəhbərliyi ilə “Hesablama riyaziyyatı” kafedrası 2010-2011-ci illərdə təhsil və elm sahəsində bir çox nailiyyətlər qazanmışdır.

Belə ki, 2010-cu ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə kafedra BDU üzrə “İlin kafedrası” fəxri adına layiq görülmüşdür.

Kafedranın əməkdaşları bir çox beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirak etmişlər. Belə ki, 2010-cu ildə kafedranın əməkdaşı R.R.Mirzəyev ABŞ-ın Orlando şəhərində “Theoretical and Mathematical Foundation of Computer Sciences” adlı beynəlxalq konfransda iştirak edərək, çıxış etmişdir.

Kafedranın professoru V.R.İbrahimov Yunanıstan və Hollandiyada keçirilmiş elmi konfranslarda iştirak edərək, çıxış etmişdir.
M.N.İmanova Yunanıstanda keçirilən “ Conference in numerical analysis (numan 2010) recent approaches to numerical analysis: theory, methods and applications ” adlı konfransda iştirak edərək, çıxış etmişdir.

Eləcə də, 2010-cu ildə Hesablama riyaziyyatı kafedrasının əməkdaşları iki beynəlxalq konfransın təşkilində aktiv iştirak etmişlər. Bunlardan biri AMEA-nın Kibernetika institutu ilə BDU-nun birgə keçirdiyi “Problems of Cybernetics and Informatics” adlı beynəlxalq konfransı olmuşdur. Bu konfransın “Hesablama riyaziyyatı” bölməsinin iclasları BDU-nun Hesablama riyaziyyatı kafedrasında keçirilmişdir və bölmə iclaslarına tanınmış riyaziyyatçılardan C.Butçer və C.Sanikidze sədrlik etmişlər.

Digər beynəlxalq konfrans kafedranın yaradıcısı olmuş və uzun illər bu kafedraya başçılıq etmiş AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Yəhya Cəfər oğlu Məmmədovun 80 illik yubileyinə həsr olunmuş konfrans idi.


2011-ci ildə kafedranın professoru V.R. İbrahimov və dosenti A.Y.Əliyev Ukraynanın Kiyev şəhərində “Tətbiqi riyaziyyat və hesablama riyaziyyatı” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edərək məruzə ilə çıxış etmişlər. 

Kafedranın dosenti A.Y.Əliyev Fransanın Paris şəhərində “Applied Mathematics and Analysis” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edərək məruzə ilə çıxış etmişdir.

Kafedranın müəllimi M.N.İmanova Fransanın Paris şəhərində “Applied Mathematics and Analysis” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edərək məruzə ilə çıxış etmişdir.

Kafedranın baş müəllimi E.İ.Əzizbəyov Ukraynanın Kiyev şəhərində “XV International Conference on Dynamical System Modeling and Stability Investigation” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edərək məruzə ilə çıxış etmişdir.


Əldə olunan nəticələr Mərakeşin Saidiya, Fransanın Paris, Ukraynanın Kiyev şəhərlərində keçirilən beynəlxalq konfranslarda məruzə olunmuş, konfransın materiallarında çap olunmuşdur. Kafedrada 2010 və 2011-ci illərdə alınmış nəticələrdən biri Gateway beynəlxalq təşkilatı tərəfindən beynəlxalq qranta təqdim olunmuş və uyğun sertifikat verilmişdir. Məruzələrdən biri isə Beynəlxalq medal almışdır.

Kafedranın müsabiqəyə verdiyi “İnteqral, diferensial və inteqro-diferensial tənliklərin ədədi həllinə irəliyəqaçma üsulunun tətbiqi və ekoloji proseslərin tətqiqində rolunun araşdırılması” mövzusunda elmi layihəsi 2011-ci ildə Azərbaycan Respublikası presidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqədə qalib gəlmiş və böyük məbləğdə qrant qazanmışdır.

Kafedranın elmi seminarında tanınmış alim, görkəmli ictimai xadim akad. T.Əliyev “Qəzalarin gizli dövrünün robast noise-moni­torinqi nəzəriyyəsi və texnolo­giyalari” mövzusunda məruzə etmişdir. Bu məruzədə alınan nəticələrin aktuallığı və geniş tətbiq sahəsi onun mətbuatda geniş işıqlandırılmasına səbəb olmuşdur. Seminarda respublikanın tanınmış alimləri iştirak etmişdir.

Bookmark and Share