Misir Cümayıl oğlu Mərdanov
Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Cümayıl oğlu Mərdanov - 1969-cu ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1973-cü ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. O, Azərbaycan (Bakı) Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, professor vəzifələrində fəaliyyət göstərmiş, müxtəlif illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, 1997-ci ildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır.O, 1998-ci ildən Azərbaycan Respublikasının Təhsil Naziridir.
M.C.Mərdanov respublikada və onun hüdudlarından kənarda nəşr olunmuş 150-dən artıq elmi və publisistik məqalənin müəllifi olmaqla bərabər, orta məktəblərin VI-XI sinifləri üçün “Riyaziyyat”, “Cəbr”, “Cəbr və analizin başlanğıcı”,“Həndəsə” dərsliklərinin müəlliflərindən biridir. Universitetdə işlədiyi müddətdə Analitik həndəsə, Diferensial həndəsə, Diferensial tənliklər, Optimal idarəetmə nəzəriyyəsi kurslarından mühazirələr oxumuş, müxtəlif illərdə BDU-da və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən doktorluq dissertasiyası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şuralarının həmsədri olmuşdur. Prof. M.C.Mərdanovun Azərbaycanın müasir riyaziyyatçılarının formalaşmasında xüsusi əməyi vardır. Elm sahəsindəki xidmətləri nəzərə alınaraq, 1999-cu ildə M.C.Mərdanov Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
M.C.Mərdanovun Azərbaycan təhsilinin inkişafında, xüsusilə də Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasında – Boloniya prosesinə qoşulmasında xüsusi xidməti var. 2006-cı ildə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə M.C.Mərdanov Şöhrət Ordeni ilə təltif edilmişdir.