Surxay Cabbar oğlu Əkbərov

AMEA-nın müxbir üzvü Surxay Cabbar oğlu Əkbərov 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsini Mexanika ixtisası üzrə bitirmişdir. O, 1976-1993-cü illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir.

S.C.Əkbərov 1993-cü ildən indiyədək Tür­kiyə Cumhuriyyəti (İstanbul şəhəri) Yıldız Teknik Universitetində işləyir. O, 1981-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1993-cü ildən professor, 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. Əsas elmi nətijələri bircins olmayan kəsilməz mühitlərin statikası, dinamikası və dözüm­lülüyünə aiddir. Əyri struktura malik kompozit materiallar mexanikasının əsasını qoymuş, bu sahədə bütün dünya miqyasında aparılan başlanğıc və əsas tədqiqatların, eləcə də Kluwer Academic Publishers (Hollandiya) nəşriyyatında 2000-ci ildə çap edilən Mechanics of curved composites adlı monoqrafiyanın müəllifidir. Mexaniki xassələri zamandan asılı olan kompozit materiallar və bu materiallardan hazırlanmış konstruksiya elementlərinin sıxılma altında qırılması və dayanıqlığının itirilməsi məsələlərinin deformasiya olunan bərk cismlər mexanikasının üçölçülü xəttiləşdirilmiş tənlikləri ilə tədqiq edilə bilməsi üçün üsul təklif etmiş və bu üsul bir çox uyğun məsələlərin həllinə tətbiq edilmişdir.

İnternational Applied Mechanics (2001-ci ildən) və Mechanics of Composit Materials (2006-cı ildən) beynəlxalq jurnallarının İnternational Editional Advisory Board–nın üzvüdür. İSİ əhatəsindəki beynəlxalq elmi jurnallarda 130 məqaləsi nəşr olunub. O, 3 elmlər doktoru və 30 elmlər namizədi yetişdirmişdir.

 

Bookmark and Share