Tələbə Gənclər Təşkilatının Əsasnaməsi

I. Ümumi müddəalar

1.1. Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatı (bundan sonra «Təşkilat») təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının səmərəli təşkilini, maraq və meyllərini, intellektual inkişaflarını təmin etmək, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir.

1.2. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

1.3. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Təşkilat ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan müstəqil tələbə-gənclər təşkilatıdır.

II. Təşkilatın əsas məqsəd və vəzifələri

2.1. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

2.2.1. tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;

2.2.2. tələbələr arasında maarifləndirmə işinin aparılması;

2.2.3. tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

2.2.4. tələbələrin hüquqlarının təmin edilməsi;

2.2.5. respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;

2.2.6. tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;

2.2.7. tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;

2.2.8. tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;

2.2.9. tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;

2.2.10. tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;

2.2.11. təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;

2.2.12. qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

III. Təşkilata üzvlük, üzvlərin hüquq və vəzifələri

3.1. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri təhsil aldıqları müəssisələr üzrə təşkilata üzv ola bilərlər.

3.2. Təşkilata üzvlük könüllü xarakter daşıyır.

3.3. Təşkilata üzvlərin qəbulu İdarəetmə Şurası tərəfindən həyata keçirilir.

3.4. Təşkilata üzv olmaq istəyənlər İdarəetmə Şurasına yazılı şəkildə müraciət edir. Müraciətə 10 gün müddətində baxılır və İdarəetmə Şurasının üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə üzvlüyə qəbul həyata keçirilir.

3.5. Təşkilatın üzvləri bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

3.5.1. təşkilatın idarəçiliyində iştirak etmək;

3.5.2. təşkilatın hər hansı seçkili orqanına seçmək və seçilmək;

3.5.3. təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmək;

3.5.4. təşkilatın fəaliyyəti barədə məlumat almaq;

3.5.5. müxtəlif layihə və proqramlarla çıxış etmək;

3.5.6.öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün təşkilata müraciət etmək.

3.7. Təşkilatın üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

3.8. Təşkilatın üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

3.8.1. təşkilatın Əsasnaməsinə əməl etmək;

3.8.2. gördüyü işlərə məsuliyyətlə yanaşmaq;

3.8.3. təşkilatın seçkili orqanlarının qərarlarını yerinə yetirmək.

3.9. Təşkilatın üzvünün fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

3.9.1. təşkilat ləğv edildikdə;

3.9.2. könüllü olaraq təşkilatın üzvlüyündən çıxdıqda;

3.9.3. təşkilatın üzvlüyündən çıxarıldıqda.

3.10. Təşkilat üzvünün üzvlüyünə xitam verilməsindən narazı qaldığı halda İdarəetmə Şurasına şikayət etmək hüququ var.

IV. Təşkilatın strukturu

4.1 Təşkilat aşağıdakı strukturlara malikdir:

4.1.1. qrup təşkilatı;

4.1.2. fakültə təşkilatı;

4.1.3. ali və orta ixtisas təhsili müəssisəsi (universitet, akademiya, institut, konservatoriya, kollec, texnikum) üzrə təşkilatı.

4.2. Qrup təşkilatı ən azı 3 (üç) nəfərdən ibarət olan tələbə – gənclər təşkilatının ilk özəyidir.

4.3. Qrup təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.

4.4. Qrup təşkilat üzvlərinin sayı 20-dən çox olduğu təqdirdə sədr və sədr müavini daxil olmaqla 5 (beş) nəfərdən ibarət İdarə Heyəti seçilir.

4.5. Qrup təşkilatının İdarə Heyəti, üzvlərinin təşəbbüslərini fakültə İdarə Heyətinin diqqətinə çatdırır və fakültə üzrə qəbul edilən fəaliyyət proqramının qrup daxilində icra olunmasını təmin edir.

4.6. Qrup təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 2 (iki) dəfə keçirilir.

4.6. Fakültə təşkilatı fakültə üzrə olan qrupların ən azı yarısında özəklər fəaliyyət göstərdiyi təqdirdə yaradılır.

4.7. Fakültə təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.

4.8. Fakültə üzrə qrup təşkilatlarını təmsil edən nümayəndələrdən, sədr və sədr müavini daxil olmaqla ən azı 7 (yeddi) nəfərdən ibarət İdarə Heyəti formalaşdırılır.

4.9. İdarə Heyəti fakültə təşkilatı üzvlərinin təşəbbüslərini Təşkilatın İdarəetmə Şurasının diqqətinə çatdırır və onun qəbul etdiyi fəaliyyət proqramının fakültə daxilində icra olunmasını təmin edir.

4.10. Fakültə təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 1 (bir) dəfə keçirilir.

V. Təşkilatın idarəetmə orqanları

5.1. Təşkilatın idarəetmə orqanları aşağıdakılardır:

5.1.1. Konfrans;

5.1.2. İdarəetmə Şurası;

5.1.3. Təftiş Komissiyası.

KONFRANS

5.2. Təşkilatın ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Konfransdır.

5.3. Konfrans nümayəndələrinin seçilməsi təhsil müəssisəsində tələbələrin sayına əsasən formalaşdırılır və İdarəetmə Şurası tərəfindən təsdiqlənir.

5.4. Üzvlərin yarıdan çoxunun yazılı müraciətinə və İdarəetmə Şurasının qərarına əsasən növbədənkənar Konfrans çağrıla bilər.

5.5. Konfransın çağırılması barədə təşkilatın üzvlərinə ən azı 20 (iyirmi) gün qalmış məlumat verilməlidir.

5.6. Konfransın səlahiyyətinə aşağıdakılar aiddir:

5.6.1. İdarəetmə Şurasının və Təftiş Komissiyasının seçilməsi;

5.6.2. İdarəetmə Şurasının say tərkibinin müəyyənləşdirilməsi;

5.6.3. təşkilatın Əsasnaməsinə dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi;

5.6.4. təşkilatın strukturunda dəyişikliklərin edilməsi;

5.6.5. təşkilatın icra orqanlarının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

5.6.6. təşkilatın illik hesabatının təsdiq edilməsi;

5.6.7. təşkilat üzvlərinin şikayət və müraciətlərinin dinlənilməsi;

5.6.8. təşkilatın icra orqanlarının rəhbərlərinin hesabatlarının dinlənilməsi.

5.7. Konfrans nümayəndələrinin yarısından çoxu (50%+1) iştirak etdikdə səlahiyyətli hesab olunur.

5.8. Konfransda müzakirə olunan məsələlər haqqında qərar nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir.

5.9. Konfransda yazılı protokol aparılır, protokol Konfransın sədri və katibi tərəfindən imzalanır.

İDARƏETMƏ ŞURASI

5.10. İdarəetmə Şurası konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Şuranın say tərkibi Konfrans tərəfindən müəyyənləşdirilir.

5.11. İdarəetmə Şurasının say tərkibi aşağıdakı şəkildə müəyyən edilir:

5.11.1. hər fakültədən 2-3 nəfər olmaq şərti ilə;

5.11.2. fakültələrin sayı 5-dən az olan ali və orta ixtisas təhsili müəssisələrində fakültələr üzrə kvotalar artırıla bilər;

5.11.3. İdarəetmə Şurasının say tərkibi 11 nəfərdən az olmamalıdır.

5.12.İdarəetmə Şurası iki il müddətinə seçilir.

5.13. İdarəetmə Şurasının üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

5.13.1. bakalavr yaxud magistr təhsilini başa çatdırdıqda

5.13.2.təhsilini Azərbaycanın digər ali və orta ixtisas təhsili müəssisələrində və ya Azərbaycanın hüdudlarından kənarda davam etdirdikdə;

5.13.3. səbəbsiz olaraq İdarəetmə Şurasının iclaslarında ardıcıl olaraq 3 (üç) dəfə iştirak etmədikdə;

5.13.4. öz istəyinə əsasən.

5.14. İdarəetmə Şurası Təşkilatın sədrindən, sədr müavinlərindən və üzvlərdən ibarət olan kollegial orqandır.

5.15. İdarəetmə Şurasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilir və aşağıdakı səlahiyyətlərə malikdir:

5.15.1. təşkilatın üzvlüyünə qəbul və üzvlükdən azad edir;

5.15.2. təşkilatın icra orqanlarını yaradır;

5.15.3. təşkilatın fəaliyyət planlarını və layihələrini təsdiq edir;

5.15.4. Konfransın səlahiyyətinə aid olan məsələlərdən başqa bütün təşkilati məsələlər üzrə qərarlar qəbul edir.

5.16. İdarəetmə Şurasının yığıncaqları onun üzvlərinin yarıdan çoxu (50%+1) iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

5.17. İdarəetmə Şurasının növbədənkənar iclası İdarəetmə Şurasının üzvlərinin 2/3-nin tələbinə əsasən çağrıla bilər.

5.18. İdarəetmə Şurasının işinə sədr rəhbərlik edir.

5.19. Təşkilatın sədri İdarəetmə Şurası tərəfindən gizli səs vermə yolu 2 (iki) il müddətinə (yenidən seçilmək hüququ ilə) seçilir. 5.20. Sədr vəzifəsinə bir namizəd iki dəfədən artıq seçilə bilməz.

5.21. Təşkilatın sədrinin səlahiyyətləri:

5.21.1. təşkilatın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici və sərəncamverici funksiyalar daşıyır;

5.21.2. təşkilatı təmsil edir və onun adından çıxış edir;

5.21.3. İdarəetmə Şurasının iclaslarına rəhbərlik edir;

5.21.4. Konfransın və İdarəetmə Şurasının qərarlarının icrasını təmin edir;

5.21.5. Konfrans tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir;

5.21.6. hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyinə təqdim edir;

5.21.7. öz fəaliyyəti ilə bağlı Konfrans qarşısında hesabat verir.

5.22. Təşkilatın sədri olmadıqda, onun səlahiyyətlərini sədr müavinlərindən biri həyata keçirir.

5.23. Sədr müavinləri İdarəetmə Şurası tərəfindən gizli səs vermə yolu 2 (iki) il müddətinə (yenidən seçilmək hüququ ilə) seçilir. Təşkilatın sədr müavini eyni zamanda İdarəetmə Şurasının sədr müavinidir.

5.24. Sədr müavini vəzifəsinə bir namizəd 2 (iki) dəfədən artıq seçilə bilməz.

TƏFTİŞ KOMİSSİYASI

5.25. Təşkilatın Təftiş Komissiyası (TK) təşkilatın seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğun olması üzərində nəzarəti həyata keçirir. TK-nın say tərkibi 5 (beş) nəfərdən ibarət olmaqla Konfrans tərəfindən 2 (iki) il müddətinə seçilir.

5.26. TK təşkilatın orqanlarından və üzvlərindən daxil olan ərizələrə 10 (on) gün müddətində baxıb cavab verməlidir.

5.27.TK-nın tərkibinə seçilmiş şəxslər İdarəetmə Şurasında təmsil olunmamalıdır.

VI. Təşkilatın fəaliyyətinin təşkili, əmlakı, layihə və proqramları

6.1. Təşkilatın fəaliyyət göstərməsi üçün ali və orta ixtisas təhsili müəssisələrinin ayırdığı sahə (otaq) və texniki avadanlıq şərti olaraq təşkiltatın əmlakı hesab edilir.

6.2. Təşkilatın maliyyə fəaliyyəti ali və orta ixtisas təhsili müəssisələrinin ayırdıqları maliyyə vəsaitləri, həmçinin sponsorlar, könüllü ianələr və qanunla qadağan olunmamış digər mənbələr hesabına həyata keçirilir.

6.3. Təşkilat həyata keçirəcək tədbirlər üçün layihə təklifi ilə çıxış edir. Yalnız layihə təklifi bəyənildikdən sonra onun maliyyələşdirilməsi ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Layihə təklifi eyni zamanda xarici təşkilatlardan alınmış qrant hesabına maliyyələşdirilə bilər.

6.4.Təşkilat tələbələrin maraqlarını nəzərə alaraq, müxtəlif sahələr üzrə proqramlar hazırlayır, onun ali və orta ixtisas təhsili məktəbləri, dövlət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və donorlarla əlaqəli formada həyata keçirir.

VII. Təşkilatın fəaliyyətinə xitam verilməsi

7.1. Təşkilatın fəaliyyətinə, yenidən təşkili və ya ləğv edilməsinə Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin müvafiq qərarı və ya Konfransın qərarı ilə xitam verilir.

7.2. Təşkilatın fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.


III. Yekun müddəalar

8.1. Bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

8.2. Gələcəkdə bu Əsasnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

 

 

Bookmark and Share