101 yaşlı Universitetim
15/11/2020Onlayn tədbiri giriş sözü ilə açıq elan edən Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov bildirib ki, bu gün Bakı Dövlət Universitetinin fəaliyyətə başlamasından 101 il ötür. 1919-cu il noyabrın 15-də Universitetdə birinci dərs günü elan edilib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə ilk ali təhsil ocağımız - Bakı Dövlət Universiteti açılıb. 1919-cu il sentyabrın 1-də gərgin müzakirələrdən sonra, Azərbaycan parlamenti ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul edib. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə 1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul olunub.Universitet Şurası 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibini təsdiq edib. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib.101 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin qərarı ilə ən ağır şərtlər altında yaradılan, mürəkkəb, ziddiyyətli iyirminci illərdən, otuzuncu illərin repressiyalarından keçən Bakı Dövlət Universiteti Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində Azərbaycanda milli oyanışın, müstəqillik məfkurəsinin mərkəzinə çevrilməyə başladı.Müstəqillik illərində də BDU öz tarixi missiyasını şərəflə yerinə yetirməkdədir. Bu gün əminliklə söyləyə bilərik ki, Universitet ölkəmizdə milli şüurun, icimai fikrin əsas mərkəzlərindən biridir. 2019-cu ildə 100 illiyini qeyd edən BDU-ya ən böyük yubiley töhfəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 noyabr 2017-ci il tarixində imzaladığı "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncam oldu. Sərəncamda müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaranan Bakı Dövlət Universitetinin şərəfli yol keçdiyi qeyd olunur, Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətləri xüsusi vurğulanır. Daha sonra fakültənin müəllim professor heyəti çıxış edərək tələbələrə Universitetin qədim tarixi barədə məlumat verərək geniş çıxış ediblər.