Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, ölkəmizin uğurlu daxili və xarici siyasəti barədə çıxışına toxunan rektor, eyni zamanda, Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumun və Formula -1 Qran Pri yarışlarının təşkilində respublika rəhbərliyinin xidmətlərini yüksək qiymətləndirib. Rektor forumda və yarışlarda könüllü olaraq iştirak edən 1000-ə qədər BDU tələbəsinin fəaliyyətinə də diqqət çəkib.
Rektorun çıxışından sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi haqqında məruzə edib, Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində təşkil edilən çöl təcrübələri haqqında ətraflı məlumat verib. Sonra məruzə ətrafında çıxışlar olub və prorektor İradə Əliyevanın məruzəsi yüksək qiymətləndirilib.
Elmi Şuranın iclasında BDU-nun Qazax filialının əsasnaməsini və strukturunun təsdiq edilməsi, müsabiqənin keçirilməsi və elmi adların verilməsi, imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə mükafatların verilməsi, tədris planlarının təsdiqi, o cümlədən yubilyarların təbrik edilməsi, həmçinin ilin nəticələrinə görə fərqlənənlərin mükafatlandırması kimi məsələlərə baxılıb.
Qeyd edək ki, ilin nəticələrinə görə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov və Rus dilçiliyi kafedrasının müdiri, professor Lalə Quliyeva “İlin kafedra müdiri”, Genetika və təkamül təlimi kafedrasının professoru Məcnun Babayev və Arxeologiya və etnoqrafiya kafedrasının professoru Tarix Dostiyev “İlin müəllimi” adlarına layiq görülüblər.
İclasda həmçinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi Şurası tərəfindən qaldırılan vəsatət əsasında Psixologiya kafedrasının professoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Əkbər Bayramova “BDU-nun Fəxri professoru” fəxri adının verilməsi barədə qərar qəbul olunub.
Mətbuat və informasiya şöbəsi, 11 iyul 2016-cı il.