“20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsi”

03/02/2015

XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və  qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil olmuşdur. Həmin  əsrin əvvəllərində müstəqilliyimizə gedən yol 1918-ci il mart qırğınları ilə başlamış, az sonra Azərbaycanın, ümumən, müsəlman Şərqinin tarixində ilk demokratik, parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış və cəmi iyirmi üç ay fəaliyyət göstərmişdir.

Yetmiş dörd ildən sonra sükut buzu əridi. Azərbaycan Xalq Cümhuriyyətinin uzun illər xalqdan gizli saxlanılmış tarixi, fəaliyyəti, əhəmiyyəti haqqında söz açıldı. Azərbaycan milli azadlıq hərəkatı xalqımızın milli şüurunun inkişafında böyük rol oynadı. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı rus imperiyası müstəqil görmək istəmirdi. XX yüzilliyin sonlarında müstəqilliyimizin bərpasına aparan yol isə 1990-cı ilin 20 Yanvarından başladı. Həmin gün öz hüquqları uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi.

20 Yanvar faciəsi XX əsr Azərbaycan tarixində baş vermiş qanlı hadisələrin, soyqırımı aktlarının məntiqi davamı, çar Rusiyasının “parçala-hökm sür” siyasətinin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımlar, torpaqlarımızın 114 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, SSRİ dövründə soydaşlarımızın indi Ermənistan adlandırılan ərazidəki əzəli, ata-baba yurdlarından son nəfərinədək qovulması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, bu dəfə torpaqlarının iyirmi faizinin işğalı bu məkrli siyasətin mərhələləridir.

Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq  kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qabaqcadan düşünülüb-hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Lakin sovet imperiyası ins