5 İLLİYİNƏ HƏSR OLUNMUŞ "APREL ZƏFƏRİ" ADLI VİDEOKONFRANS KEÇİRİLİB
03/04/20213 aprel tarixində Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinin 5 illiyinə həsr olunmuş "Aprel Zəfəri" adlı videokonfrans keçirilmişdir.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.
Tədbiri giriş nitqi ilə açan Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Etibar Əhmədov Aprel döyüşləri barədə ətraflı məlumat vermiş və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun hər zaman düşmənə layiqli cavab göstərmək iqtidarında olmasını qeyd etmişdir. Bu qələbənin tariximizin yaddaşında şanlı səhifə olduğunu qeyd edən Etibar Əhmədov Vətənin azadlığı uğrunda canını və qanını fəda verən hərbi qulluqçularımızın əziz xatirəsini hər zaman əziz tutaraq, onların bu mübarizəsini özlərinə nümunə götürməyi tələbələrin diqqətinə çatdırıb.
Bakı Dövlət Universiteti Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tələbələrə Aprel döyüşlərinin strateji əhəmiyyətindən bəhs edərək Azərbaycan əsgərinin qəhrəmanlığını və tarixi qələbəni təcəssüm etdirdiyini diqqətə çatdırıb. Bu döyüşlərin bütün dünyaya Azərbaycan ordusunun gücünü və qələbə əzmini nümayiş etdirdiyini xüsusi vurğulayıb.
Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin TGT sədri Katya İbrahimli ordumuzun Aprel döyüşlərindəki şücaətindən bəhs edərək bu döyüşlərin gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdiyini qeyd edib. O, gənclərin Azərbaycan tarixinin bu şanlı səhifəsi ilə qürur duyduqlarını söyləyib.
Tədbirdə Vətən Müharibəsi və Aprel döyüşləri qəhrəmanları - Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin tələbə qaziləri Əmiraslanov Ramil və Heydər Pərvazlı öz döyüş təəssüratlarını gənclərlə bölüşdülər. Gənclərə Vətəni hər şeydən çox sevməyi, onun üçün hər qəhrəmanlığa hazır olmağı və onu hər şeydən üstün tutmağın vacibliyini vurğuladılar. Qazilər azğın düşmənlə necə qəhrəmancasına vuruşduqlarından, Ali Baş Komandanın hər bir əmrini necə həvəslə və şərəflə yerinə yetirməklərindən danışdılar.
Qeyd edək ki, videokonfransda 300-ə yaxın tələbə iştirak edib.