Bakı Dövlət Universitetində “Ümumi təhsilin kurikulumun əsasları” fənni üzrə treninqlər keçirilir

27/06/2014

Bu gün Bakı Dövlət Universitetində Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarında təhsil alan tələbələr üçün VII semestrdə ümumtəhsil müəssisələrinin yeni təhsil kurikulumları ilə bağlı 60 saatlıq fənnin tədris olunması ilə əlaqədar treninqlərə start verilib. Treninqlərin keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən təlim mərkəzi kimi daha 10 ali təhsil müəssisəsi müəyyən edilib. Treninqdə Bakı Dövlət Universiteti üzrə 15, Bakı Qızlar Universiteti üzrə 5 nəfər olmaqla cəmi 20 nəfərlik qrupun təşkili qərara alınıb. Məşğələlər 24 gün ərzində Təhsil Nazirliyi və Mədəd təşkilatı tərəfindən müəyyənləşdirilmiş təlimçilər tərəfindən aparılacaq və müdavimlərin nail olduqları nəzəri biliklər və praktik bacarıqların səviyyəsinin qiymətləndirilməsi ilə başa çatacaq. Müdavimlərə müvafiq sertifikatlar veriləcək və yalnız sertifikatı olan müəllim “Ümumi təhsilin kurikulumunun əsasları” fənnini tədris etmək hüququna malik olacaqdır.

 

Təhsil Nazirliyinin baş məsləhətçisi, bu sahədə kifayət qədər təcrübəsi olan Afət Süleymanova tərəfindən aparılan treninqlər iyul ayının 18-dək davam edəcək. Kifayət qədər zəngin maddi-texniki bazaya malik olan Bakı Dövlət Universitetində treninqlərin keçirilməsi üçün zəruri olan bütün şərait yaradılıb, treninq otaqları informasiya texnologiyaları və multimedia vasitələri ilə təmin olunub. Treninq keçən müdavimlər üçün zəruri hallarda universitetin müasir cihaz və avadanlıqlarla təmin olunmuş tədris və elmi tədqiqat laboratoriyalarından istifadə imkanları da yaradılıb.

Bookmark and Share