Antiazərbaycançı şəbəkənin bu avantürası da iflasa uğrayacaq

21/09/2015

Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi qətnamə ictimaiyyət tərəfindən kəskin etirazla qarşılandı, onlar ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasına öz sərt münasibətlərini bildirdi. Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov məlum qətnaməni Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa hədəfləndiyini bildirib:

- Azərbaycanın bütün istiqamətlərdə inkişafı, insanların sosial rifahının gündən-günə yaxşılaşması, hüquq və azadlıqlarının qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Bununla bərabər, dünya ölkələri, beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa parlamentariləri Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarından, Xocalı soyqırımı haqqında həqiqətlərdən, tarixboyunca ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdiyi vəhşiliklərdən, o cümlədən atəşkəs dövrü ərzində öz doğma yurd-yuvasında yaşayan dinc sakinlərin qətlə yetirilməsindən, toy və yas mərasimlərinin gülləbaran edilməsindən də xəbərdardırlar. Məlum qətnamə müəllifləri bununla bağlı hər hansı bir iş görməkdənsə, yanlış və qərəzli faktlara söykənərək əsassız ittihamlar irəli sürürlər.
Əlbəttə, bu, ədalətsizlik və ikili standartlardan irəli gələn qərəzçilik ölkəmizə qarşı ardıcıl şəkildə aparılan çirkin kampaniyanın tərkib hissəsidir. Avropa Parlamentinin Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, neft kapitalının insan kapitalına çevrilməsi sahəsində fəaliyyətini qiymətləndirmək, siyasi plüralizm və demokratiyanın qərarlaşmasını, mətbuatın azad inkişafı üçün yaradılan şəraiti, dünyaya tolerantlıq nümunəsi göstərən, mədəniyyətlərarası dialoqun inkişafında və multikulturalizm sahəsində qabaqcıl dövlətə çevrilən ölkəmizi dəstəkləmək əvəzinə, belə bir qətnamə qəbul etməsi anlaşılmazdır. Ağı ağ, qaranı qara kimi görməyi bacaran hər bir insan üçün bu, həmin qurumun Azərbaycanın daxili işlərinə qarışmaq, ona qərəzli qiymət vermək cəhdi kimi qiymətləndirilir. Avropa Parlamentinin bu antiazərbaycan qətnaməsinin Avropa dövlətlərinin və ictimaiyyətinin fikrini əks etdirmədiyi, sadəcə ölkəmizin müstəqil dövlət quruculuğundakı nailiyyətlərindən narahat olan dairələrin siyasi qıcıqlanmasının nəticəsi olduğu məlumdur.
Avropa İttifaqı ərazisində miqrasiya problemləri, bəzi üzv ölkələrin yalnız xristian qaçqınlara sığınacaq vermək istəyi və bununla da ayrı-seçkilik sisteminin formalaşması üçün yaratdığı şərait Avropa İttifaqı ilə əməkdaşlığa meyil edən islam dövlətlərinə qarşı radikal addım olmaqla yanaşı, təxribat kimi qiymətləndirilməlidir. Qucağında körpə uşaq sığınacaq axtaran qaçqına badalaq verən vətəndaşının hərəkətindən utanmaq əvəzinə bir milyon qaçqına təmənnasız qucaq açan Azərbaycanda utanmadan eyib axtarırlar. Bu qaçqınlığı, müharibəni bizə “sırıyan”, torpaqlarımızı işğal edən xristian erməniyə “Gözün üstə qaşın var” deməyənlər sürətlə inkişaf edən müasir bir müsəlman ölkəsini “gözümçıxdıya” salıblar. Avropa İttifaqının belə bir ayrı-seçkilik fonunda fəaliyyəti, dinlər arasında fərq qoyması, dövlətlərə ikili standartlar mövqeyindən yanaşması və qeyri-obyektivlik nümayiş etdirməsi bu qurumun gələcək fəaliyyətini şübhə altında qoyur. Tarix göstərdi ki, bir zamanlar dünyaya meydan oxuyan, silah gücünə, amiranə-inzibati idarəetmə zoruna hökmranlıq edən SSRİ kimi bir dövlət xalqların taleyinə laqeyd və qərəzli münasibətinə görə cəmi 70 il yaşaya bildi. Bu gün Avropa İttifaqının da dini ayrıseçkilik etməsi, xalqların taleyinə laqeyd münasibəti, dünya ölkələrinə ikili yanaşması onun da tarixinə həmin taleyin ssenarisini hazırlayır. Biz gördük ki, son illərə qədər Avropa ölkələrinin və dünyada gedən proseslərin idarə olunmasında rol oynamış Avropa İttifaqı sıralarına müsəlman dövlətlərini qəbul etmədi. Bu gün dünyada mövcud olan 200-ə yaxın dövlət regional xarakterli əlaqələr yaratmağa çalışır və dünyanın sabitliyində maraqlarını möhkəmləndirmək məqsədilə birlik və təşkilatlarda birləşirlər. Biz belə xoşməramlı inteqrasiyaların əleyhinə deyilik. Lakin bu ittifaqlar yeni müstəqillik qazanan, dünyada sözünü deməyə çalışan Azərbaycan kimi dövlətlərə öz hakimiyyətini diqtə etməyə cəhd göstərməməlidir.
Respublika Prezidenti İlham Əliyevin dediyi kimi: “Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər, bizi şantaj ediblər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin vətəni olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətəzidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar, pis olmaz”. Avropadakı antiazərbaycan qüvvələrin, erməni lobbisinin təsiri altına düşən bəzi parlamentarilərin cəhdlərinə baxmayaraq, Azərbaycan demokratiya, insan hüquqlarının qorunması, müstəqil xarici və daxili siyasət kursunu qətiyyətlə davam etdirəcəkdir.
Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə bir daha sübut edir ki, Azərbaycan heç bir dövlətin, heç bir beynəlxalq təşkilatın təsiri altında deyil, ölkəmizin, xalqımızın maraqlarına uyğun addımlar atır, öz yolu ilə inkişaf edir. Son illər Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etməsi bəzi qüvvələrin narahatlığına səbəb olur. Odur ki, Avropada Azərbaycana qarşı belə qərəzli addımların atılacağı gözlənilirdi. Bu, qısqanclığın, paxıllığın və xüsusilə də erməni diasporunun təsirinin nəticəsidir. Əlbəttə ki, bəzi antiazərbaycançı qüvvələrin ölkəmizin beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaq üçün qərəzli kampaniyalarının heç bir əsası yoxdur və belə hücumlar onların gözlədiyi nəticəni verə bilməz. Bu hücumlar müstəqilliymizi, onun təməl prinsiplərini sarsıda bilməz. Bu məsələdə ümumxalq birliyi bir daha sübut edir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir. Biz müstəqil dövlətimizin əleyhinə yönəlmiş, ona qarşı olan istənilən hücuma cavab vermək üçün dövlətimizin, Prezidentimizin ətrafında daha sıx birləşməli, milli maraqlarımıza qarşı yönəlmiş bu cür halları cavabsız qoymamalıyıq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

Bookmark and Share