BDU müəllimləri onlayn imtahanlardan danışır
19/06/2020Dünya ölkələrində olduğu kimi, ölkəmizdə də Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin birlikdə təhsil prosesinin uğurla davam etdirilməsi məqsədilə atdıqları birgə addımlar hamıya məlumdur.
BDU-da imtahan sessiyası təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq onlayn qaydada şifahi formada keçirilir. Bakalavriat səviyyəsinin I, II və III kurslarında, SABAH qruplarında, I kurs magistraturada, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr onlayn formada təşkil olunan yaz semestrinin imtahan sessiyasının ikinci həftəsində də aktiv iştirak etməkdədirlər.
İmtahanların gedişi, tələbələrin fəallığı, Universitetin imtahan sessiyasının səmərəli və şəffaf, obyektiv keçirilməsi üçün atdığı addımlar barədə akademik heyətin fikirlərini nəzərinizə çatdırırıq:
Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov onlayn imtahan sessiyası haqqında danışarkən qeyd etdi ki, BDU-nun Mexanika-riyaziyyat fakültəsində də yay imtahan sessiyası tələbələrin fəal iştirakı ilə onlayn şəkildə davam edir. Professor-müəllim heyəti tələbələrə humanist və qayğıkeş münasibət göstərir.
A.Səlimov imtahanların uğurlu təşkil edilməsi məqsədilə bütün şəraitin yaradıldığını, fakültələrin veb səhifələrində elektron mühazirə mətnlərinin yerləşdirildiyini bildirdi. O, həmçinin imtahandan əvvəlki günlərdə onlayn məsləhət saatlarının təşkil edildiyini və “Microsoft Teams” platformasında tədris prosesinin məsafədən idarə edilməsi üçün verdiyi bütün imkanlardan istifadə olunduğunu vurğuladı. O, kafedra müdiri kimi özünün də imtahan prosesinə onlayn qoşularaq, sessiyanın şəffaf həyata keçirildiyinin şahidi olduğunu qeyd etdi.
Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Aynur Nəsirova tədris prosesinin mövcud şəraitə uyğunlaşdırılması, müasir tələblər səviyyəsində qurulması səbəbindən yaddaş təhsilindən təfəkkür təhsilinə keçid zərurətinin yarandığını vurğuladı. O, bu baxımdan, BDU-da pandemiya şəraitində həyata keçirilən təhsil prosesinin çox təqdirəlayiq olduğunu bildirdi. Onlayn formada reallaşan imtahanların, mart ayının ortalarından davamlı şəkildə həyata keçirilən onlayn dərslərin mütəşəkkil təşkil edildiyini qeyd etdi. A.Nəsirovanın fikrincə, tələbələrin fənləri yüksək səviyyədə qavramaları, sualları elmi şəkildə cavablandırmaları distant və ya rəqəmsal təhsilin müsbət nəticə verən və ürəkaçan olduğunu sübut edir. O, Jurnalistika fakültəsində iki imtahan keçirdiyini və tələbələrin hazırlıq səviyyəsindən çox razı qaldığını, tələbələrin hamısının yüksək qiymət aldıqlarını bildirdi. Sonda A.Nəsirova universitet və fakültə rəhbərliyinə imtahan prosesinin belə yüksək səviyyədə təşkili olunması səbəbilə təşəkkürünü də çatdırdı.
Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq kafedrasının müəllimi, biologiya elmləri üzrə fəlsəfə doktoru Günel Əhmədova ölkəmizin bütün sahələrində, o cümlədən təhsil sahəsində ciddi şəkildə virtuallaşma prosesinin getdiyini söylədi. Cənab Prezident İlham Əliyevin pandemiyanın qarşısının alınmasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində, o cümlədən onlayn təhsilin təşklində gördüyü işlərin digər ölkələrə örnək olduğunu xatırlatdı. BDU-da da "Microsoft Teams” proqramının geniş imkanlarından istifadə edərək imtahanların onlayn şəkildə yüksək səviyyədə keçirildiyini, bakalavr və magistr dissertasiyaları ilə bağlı elmi məsləhətləşmələrin aparılmasının uğurla davam etdirildiyini vurğuladı.
BDU, Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev imtahan sessiyasının gedişində tələbələrin onlayn tədris prosesində əldə etdikləri bilik və bacarıqların nümayişi üçün həm universitet rəhbərliyi, həm də fənn müəllimləri tərəfindən şəffaf imtahan mühitinin yaradılmasının müsbət amil olduğunu bildirdi. Auditoriyada mühazirə oxumağın gözəlliyini heç nəyin əvəz edə bilmədiyini vurğulayan Ələkbər Mirzəyev, onlayn platforma sayəsində tələbələrlə onlayn dərs mühitinin rahat formada qurulduğunu qeyd etdi. İmtahan prosesində imtahan götürən müəllimlə birlikdə imtahana nəzarət edən kafedra müdirinin də mövzular ətrafında müəyyən suallar verdiyini deyən Ə.Mirzəyev, bunun tələbənin bilik səviyyəsini bir daha nümayiş etdirməsinə şərait yaratdığı fikrindədir. O, Bakı Dövlət Universitetinin gələcəkdə zərurət yaranarsa onlayn tədrisdə daha mütərəqqi metodlardan istifadə etməklə tədris prosesinin maksimum yerinə yetirilməsi, bilik və peşə vərdişlərinin tələbələrə daha müasir metodlarla çatdırılmasında böyük nailiyyətlərə imza atacağına əminliyini ifadə etdi.