BDU rektoru Milan şəhərində Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak edib
30/09/2015Sentyabrın 29-da Milan şəhərində Azərbaycan-İtaliya Universitetlərarası Forumu keçirilib. Səfərin məqsədi Azərbaycan-İtaliya Universitetlərarası Forumunda təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməkdir.
Təhsil naziri Mikayıl Cabbarov Forumdan əvvəl “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda İtaliyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Söhbət zamanı bu ölkədə tələbələrimizin təhsili və yaşayışı ilə bağlı aktual məsələlər müzakirə olunub. Təhsil naziri tələbələrimizin oxuduqları xarici ali məktəblərdə Azərbaycanı layiqincə təmsil etmələrinin, ölkəmizlə bağlı həqiqətlərin italiyalılara çatdırılmasında fəal olmalarının vacibliyini vurğulayıb.
Daha sonra ölkəmizin Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan-İtaliya Universitetlərarası Forum işə başlayıb.
Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, hər iki ölkənin təhsil nazirliklərinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələri genişləndirmək, yeni əlaqələr qurmaq, aktual mövzuları müzakirə etmək, təcrübə mübadiləsi və birgə proqramlar həyata keçirmək imkanlarını dəyərləndirmək olub.
Tədbiri açan təhsil naziri M.Cabbarov Forumun təşkilində göstərdiyi dəstəyə görə İtaliyanın Təhsil, Universitetlər və Tədqiqatlar Nazirliyinə minnətdarlığını bildirib. Azərbaycanın hələ qədim dövrlərdən bilik və yaradıcılıq mərkəzlərindən olduğunu diqqətə çatdıran nazir ölkəmizin dünyanın təhsil, ədəbiyyat, incəsənət aləminə verdiyi mühüm töhfələrdən danışıb.
M.Cabbarov Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin prioritet olduğunu bildirib. Vurğulayıb ki, bu istiqamətlər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Azərbaycanın müstəqilliyinin bərpasından sonra əsas inkişaf mərhələlərindən danışan nazir dövlət quruculuğu, ictimai-siyasi sabitlik, yoxsulluğun azaldılması və digər istiqamətlərdə yüksək nəticələrin əldə olunduğunu qeyd edib.
Nazir ölkəmizdə insan kapitalının zənginləşdirilməsi istiqamətində təhsil sisteminin önəmindən danışıb. Vurğulayıb ki, bu sahənin inkişafında önəmli addımlardan biri 2013-cü ilin oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”dır. Təhsilin bütün pillələrində genişmiqyaslı, eyni zamanda, düşünülmüş islahatlar həyata keçirilir. Ali təhsil sahəsində önəmli istiqamətlərdən biri Azərbaycanda ali təhsil müəssisələrinin Bolonya prosesi çərçivəsində fəaliyyət göstərməsi, universitetlərdə yeni maliyyələşmə və idarəetmə sisteminin qurulmasıdır. Bu inkişaf istiqamətləri təhsil sahəsində beynəlxalq əlaqələrimizin genişlənməsini zəruri edir.
M.Cabbarov bildirib ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair dövlət proqramları çərçivəsində 3 min 500-dən artıq tələbə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrinə müxtəlif ölkələrin universitetlərindən, akademiyalarından görkəmli professorların, tədqiqatçıların dəvət olunması da nəzərdə tutulub. Bu, ölkəmizin təhsil sisteminin inkişafını təmin edəcək və rəqabətqabilliyəliliyini artıracaq. Azərbaycan və İtaliyanın ali təhsil müəssisələri arasında müxtəlif istiqamətlərdə geniş əməkdaşlıq əlaqələri qurulub. İtaliyanın bir sıra universitetlərində azərbaycanşünaslıq kafedraları, ölkəmizlə bağlı tədqiqat mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda bir sıra Avropa ali təhsil institutları ilə birgə proqramlar icra olunur.
İtaliyanın Təhsil, Universitetlər və Tədqiqatlar Nazirliyinin ali təhsilin beynəlmilləşdirilməsi departamentinin müdiri Federiko Cinquepalmi çıxış edərək ölkələrimiz arasında universitetlərarası əməkdaşlığın genişləndirilməsindən danışıb. Bildirib ki, İtaliya müvafiq istiqamətdə Azərbaycan ilə əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verir. Bu baxımdan, universitetlərimiz arasındakı mövcud münasibətlərə xüsusi diqqət yetirilməlidir. Təhsil nazirliklərimiz birgə layihələr və tədbirlər həyata keçirməklə bir sıra uğurlar əldə edə bilərlər. Bundan sonra da oxşar və qədim mədəniyyətlərə malik ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əməkdaşlığımızın genişləndirilməsi üçün bir sıra tədbirlərin reallaşdırılması vacibdir.
Daha sonra “Tələbə mobilliyi və ikitərəfli əməkdaşlıq” mövzusunda birinci panel iclas işə başlayıb. İclasda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Romada fəaliyyət göstərən “Link Campus” Universitetinin prezidenti Vinçenzo Skotti, La Sapienza Universitetinin vitse-rektoru Antonello Biacini tələbə mübadiləsi, ölkələrimizin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin icrası kimi məsələlərə toxunublar.
“Universitetlər arasında əməkdaşlığın gücləndirilməsində ikili diplom proqramlarının rolu” mövzusundakı ikinci panel iclasda isə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Roma Tre Universitetinin rektoru Mario Panizza, Brescia Universitetinin prorektoru Maurizio Memo bu cür tədbirlərin hər iki ölkənin təhsil sistemi ilə qarşılıqlı tanış olmaq və təcrübə mübadiləsi aparmaq baxımından önəmini vurğulayıblar.
Tədbir müzakirələrlə davam etdirilib.
Daha sonra “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonuna baxış olub. Bildirilib ki, “Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyon vasitəsilə sərginin ziyarətçiləri Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, iqtisadi-mədəni potensialı ilə tanış olmaq imkanı əldə edirlər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan