BDU-da Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edildi
02/11/2017Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, tanınmış ictimai  xadim, elm və təhsil təşkilatçısı, Diferensial və inteqral tənliklər  kafedrasının yaradıcısı, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmlər  doktoru, professor Qoşqar Əhmədovun 100 illik yubileyinə həsr olunmuş  elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin  rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Qoşqar Əhmədov  universitetin tarixində xüsusi rol oynamış görkəmli ziyalılardan,  Azərbaycan riyaziyyat elmində məktəb yaradan, özündən sonra dərin iz  qoyan nadir şəxsiyyətlərdən biri olub. Onun fəaliyyəti nəticəsində  Respublikamızda «Optimal idarəetmə» məktəbinin yarandığını deyən rektor,  keçmiş sovetlər birliyində optimal idarəetmə sahəsində ilk elmi  konfransın Bakıda bilavasitə Qoşqar Əhmədovun rəhbərliyi altında  keçirildiyini, hazırda bu məktəbin nümayəndələrinin keçmiş ittifaqın  müxtəlif elmi məktəblərində tanınmış mütəxəssislər oluğunu diqqətə  çatdırıb. Abel Məhərrəmov onu da bildirib ki, Qoşqar Əhmədovun  fəaliyyətinin ən mühüm sahələrindən biri onun pedaqoji fəaliyyətidir. O,  böyük alim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi, böyük ustalıqla və  yüksək elmi səviyyədə adi diferensial tənliklər, variasiya hesabı və  optimallaşdırılma üsülları fənlərindən, digər əsas və xüsusi kurslardan  mühazirələr oxuyurdu. 
 “Görkəmli alim Qoşqar Əhəmədovun  elmi-pedaqoji fəaliyyəti haqqında” məruzə ilə çıxış edən  Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov  bildirib ki, Qoşqar müəllim 1917-ci il oktyabrın 25-də Gədəbəy  rayonunun Söyüdlü kəndində müəllim ailəsində anadan olub. 1935-1936-cı  tədris ilində Bakı Dövlət Universitetinin hazırlıq şöbəsində oxuyub,  1936-cı ildə universitetin fizika-riyaziyyat fakültəsinin riyaziyyat  bölməsinə daxil olub, Stalin təqaüdü ilə oxuyub, 1941-ci ildə oranı  fərqlənmə diplomu ilə bitirib. 1946-cı ildə aspiranturaya daxil olan  Qoşqar Əhmədov bu ildən elmi fəaliyyətə başlayıb və qeyri-xətti inteqral  tənliklərin, inteqro-diferensial və operator tənliklərin həllərinin  varlığı, yeganəliyi və həllin budaqlanması problemləri üzərində işləyib.  1946-cı ildən Bakı Dövlət Universitetində assistent, dosent, 1961-ci  ildən isə professor işləyən Qoşqar müəllim 1958-ci ildən ömrünün sonuna  qədər Diferensial və inteqral tənliklər kafedrasının müdiri olub,  1970-1972-ci illərdə Mexanika-Riyaziyyat fakültəsinin dekanı işləyib. 
 Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika  İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov  “Qoşqar Əhmədov böyük alim və müəllim kimi” mövzusunda məruzə edib.  Bildirib ki, Qoşqar müəllim böyük alim olmaqla yanaşı, həm də gözəl  pedaqoq idi, böyük ustalıqla və yüksək elmi səviyyədə adi diferensial  tənliklər, variasiya hesabı və optimallaşdırılma üsülları fənlərindən,  digər əsas və xüsusi kurslardan mühazirələr oxuyurdu. 70-dən çox elmi  əsərin müəllifi olan unudulmaz müəllimin rəhbərliyi altında 60-dan çox  namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub. 
 Sonra  Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor  müdiri Sülhəddin Gözəlov, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı  Nicad Əliyev, BDU-nun kafedra müdirləri, akademik Yusif Məmmədov və  akademik Vasif Babazadə, ailə adından isə Qoşqar Əhmədovun bacısı Gülarə  Əhmədova çıxış ediblər. 
 Elmi konfrans işini 8 bölmədə davam  etdirib. Respublika ali təhsil müəssisələrindən, AMEA-nın  institutlarından, o cümlədən Türkiyə, İran, Qırğızıstan, Özbəkistan  Respublikalarından daxil olmuş 180 məruzə dinlənilib.
![]()  | 
![]()  | 
![]()  | 
![]()  | 
![]()  | 
![]()  | 
![]()  | 
![]()  | 
![]()  | 
![]()  | 
![]()  | 
![]()  | 















