BDU-da “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda Respublika virtual Elmi konfransı keçirilir

20/05/2020

Mayın 20-də Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda Respublika virtual Elmi konfransı öz işinə başlayıb.

Konfrans iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev bildirib ki, koronavirus (COVİD-19) pandemiyası bütün dünyanı iflic etsə də, dövlət başçısı cənab İlham Əliyevin səyləri nəticəsində xəstəliyin Azərbaycanda yarada biləcəyi fəsadlar minimuma endirilib. Pandemiyanın yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyət və vəzifənin əhəmiyyətinə diqqət çəkən rektor mövcud vəziyyətlə əlaqədar olaraq universitetdə tədrisin təşkilinin onlayn formada günün tələblərinə uyğun olaraq yüksək səviyyədə aparıldığını qeyd edib.

Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.

COVID-19 pandemiyasının ölkəmizə, tələbə və müəllimlərə, eyni zamanda, tədqiqat sahəsinə təsirindən danışan Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov bildirib ki, müasir dünyada elm və texnologiya sahəsində baş verən inkişaf yeni təhsil ehtiyacları yaratmaqla yanaşı, təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir.

Konfransda AMEA-nın müxbir üzvü, professor Qeylani Pənahovun “Məsaməli mühitlərdə köçmə məsələləri və onların həlləri”, Diferensial və inteqral tənliklər kafedrasının müdiri, professor Yaşar Mehrəliyevin “İkinci tərtib hiperbolik tənlik üçün zamana görə qeyri-lokal tərs sərhəd məsələsinin tədqiqi”, Riyazi analiz kafedrasının professoru Ziyatxan Əliyevin “Xüsusi törəməli elliptik tənliklər üçün bəzi qeyri-xətti məsələlərin həllərinin qlobal bifurkasiyası”, AMEA-nın Riyaziyyat və mexanika İnstitutunun Riyazi analiz şöbəsinin baş elmi işçisi Rövşən Bəndəliyevin “Riman-Liuvill kəsr inteqralının adi kəsr inteqo-diferensial tənliklə xarakterizasiyası”, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dosenti Telman Qasımovun “Kəsilmə nöqtəsinə malik bir spektral məsələnin məxsusi ədədlərinin və məxsusi funksiyalarının xassələri”, Riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovanın “Şredinger tipli operatorun doğurduğu Riss çevirməsinin komutatoru üçün (Lp, Lq) qiymətləndirmələr”, Cəbr və həndəsə kafedrasının dosenti Habil Fəttayevin “ tipli tenzor laylaşmasında Sasaki metrikasının trivial olmayan metrik rabitəsi”, magistrant Nərminə Qurbanovanın “Holomorf tenzor meydanları” və magistrant Məsumə Məmmədovanın “Fərq tənliklərinin periodik və məhdud həllərinin varlığı haqqında” adlı məruzələri iştirakçıların marağına səbəb olub.

Konfransın moderatoru, Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov statistik məlumatları təqdim edərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraka görə təşəkkür edib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika Elmi konfransını 100-dən çox iştirakçı dinləyib.

Qarşılıqlı diskussiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşıb.

Bookmark and Share