BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

10/04/2020

Ölkədə koronavirusla (COVİD-19) bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbilə Bakı Dövlət Universitetində (BDU) təhsilin davamlılığı onlayn (məsafədən) formada həyata keçirilir. Tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunmasıdır. Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə bağlı  “Microsoft Teams” platformasından istifadəni tövsiyə etmişdir.

BDU-da 2020-ci il 18 mart tarixindən başlayaraq onlayn tədris prosesinin təşkili, müəllim və tələbə heyətinin “Microsoft Teams” platformasına inteqrasiyası müvəffəqiyyətlə təmin edilib. Universitetin bu platformaya daxil edilən 20 mindən artıq istifadəçi hesabı, 1500-dən artıq qrup və qrup birləşməsi yaradılıb. Dərslər 2020-ci il 31 mart tarixinədək “Zoom” platforması və videodərslər vasitəsi ilə tənzimlənib. 29-31 mart tarixlərindən “Microsoft Teams” platformasında sınaq dərslər keçiriləndən sonra, 1 aprel tarixindən başlayaraq tədris aktiv dərslərlə davam etdirilir.

Hazırda BDU-da dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir. BDU-nun 15 mindən artıq aktiv istifadəçisinin yararlandığı platformada bu günə qədər 8000-ə yaxın dərs keçirilib, gündəlik dərslərin sayı orta hesabla 1000, istifadəçilərin sayı isə 10 000-dir. Platforma BDU tələbələrinin 80%-ni əhatə edir.

Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin video qeydiyyatı aparılır.  Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.


Bookmark and Share