BDU-da “Tələbə Həftəsi” çərçivəsində görüş keçirilib
11/11/2015Azərbaycan Tələbələr Birliyinin elan etdiyi “Tələbə həftəsi” çərçivəsində ilk tədbir Bakı Dövlət Universitetində təşkil edib. Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadənin iştirak etdiyi görüşü BDU-nun Tələbə-gənclər təşkilatının sədri Nicat Kərimov açaraq onun əhəmiyyətindən danışıb.
ATB-nin sədri Elvin Aslanov çıxışında “Tələbə həftəsi”nin önəmindən, tələbələrin ölkə həyatında tutduqları yerdən danışıb. Bildirib ki, prezident İlham Əliyevin ali təhsilə, tələbələrə verdiyi önəmin göstəricisidir ki, son illərdə tələbələrin keyfiyyətli təhsil almaları, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür, ali təhsil sistemi beynəlxalq keyfiyyət proqramlarına cavab verməsi üçün lazımi addımlar atılır.
Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və bu siyasət çərçivəsində tələbələrə göstərilən diqqətdən bəhs edib.
Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə tələbələrin karyera quruculuğu işində diqqət göstərməli olduqları məqamları vurğulayıb.
Sonda tələbləri maraqlandıran suallar cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.
Mətbuat və informasiya şöbəsi, 11 noyabr 2015-ci il.