BDU-da yeni tələbələrin maraqları diqqət mərkəzindədir
20/10/2014Oktyabrın 13-ü BDU-da yeni tələbələrlə görüş keçirilib. Görüşdə THİK sədri Daşqın Qənbərov, TGT sədr əvəzləyicisi Nicat Kərimov, universitetin bədən tərbiyəsi kafedrasının müdiri Akif Atakişiyev və müvafiq olaraq fakültə sədrləri, Nigar Nəcəfova və Emil Vəliyev iştirak edib.
Diskussiya formasında keçən görüşdə tələbələrin sualları cavablandırılıb. Universitet həyatı ilə bağlı müzakirələr aparılıb.
BDU THİK sədri Daşqın Qənbərov tələbələrə universitetdə yaradılan şəraitdən və birbaşa olaraq dövlətin onlar üçün yaratdığı şəraitdən söz açaraq müasir Azərbaycan gənci üçün açılan geniş imkanları vurğulayıb:
“Ölkəmizdə gənclərin, o cümlədən, tələbələrin inkişafı üçün şərait yaradılıb. Artıq istənilən Azərbaycan gənci müxtəlif yönümlü layihələr həyata keçirə, özünü təsdiq edə bilər və bunun üçün hər cür imkanlar var. Yetər ki, siz sadəcə addım atasınız. ”, - deyə, komitə sədri bildirib.
Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışan Daşqın Qənbərov artıq buna xaricdən də qiymət verildiyini qeyd edib:
“Azərbaycanın gənclər siyasəti ilə bağlı həyata keçirdiyi işlərə yüksək qiymət verilir. Gənclər siyasəti üzrə I Qlobal Forumun məhz Bakıda keçirilməsi bunun ən gözəl nümunəsidir. Azərbaycanda uğurlu dövlət siyasətinin həyata keçirilməsi öz müsbət nəticələrini göstərir. Bu günə qədər nümunəvi konsepsiyalar, layihələr reallaşdırmışıq, bir neçə dövlət proqramları gerçəkləşdirmişik”, - deyə, sədr əlavə edib.
Sonda TGT və THİK sədrləri tələbələrin problemləri və qayğıları ilə maraqlanmaq üçün bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini söyləyərək, tələbə adını qazanmış gənclərə uğurlar diləyiblər.