BDU-nun “NoObs” komandası “Microsoft Imagine Cup” müsabiqəsinin ümumdünya finalında çıxış edəcək

09/06/2015

Bakı Dövlət Universitetinin (BDU) “NoObs” komandası “Microsoft Imagine Cup” müsabiqəsinin ümumdünya yarımfinalında qalib gəlib. “Imagine Cup” müsabiqəsi innovativ texnologiyalar sahəsindəki yerli istedadların müəyyən edilməsində mühüm rol oynayır.
Yarımfinal mərhələsinin qaliblərindən biri Bakı Dövlət Universitetinin (BDU) “NoObs” komandası olub. Müsabiqənin ümumdünya finalı bu ilin iyul ayının 27-31-də Sietldə (ABŞ) keçiriləcək və Azərbaycanı sözügedən müsabiqədə BDU-nun “NoObs” komandası təmsil edəcək.
Komandanın üzvləri Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, Arif Mövsümzadə və Nizami İsmayılova Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müvafiq sertifikatları təqdim edib. 
Qeyd edək ki, ümumdünya onlayn-yarımfinalda Azərbaycanı 3 komanda təmsil edib və onlardan yalnız  biri – “NoObs” komandası “İnnovasiyalar” nominasiyasında qalib gəlib ki, komanda elə bu nominasiyada Azərbaycanı Sietldə keçiriləcək ümumdünya finalında təmsil edəcək. Bundan  başqa, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərara alıb ki, İKT-nin İnkişafı Fondu tərəfindən komandanın gələcək fəaliyyəti üçün qrant ayrılsın. 
“Microsoft Imagine Cup” müsabiqəsinin beynəlxalq onlayn-yarımfinalında 64 ölkədən 150 komanda iştirak edib. Nəticədə 33 komanda finala vəsiqə qazanıb, onlardan 12-si “İnnovasiyalar” nominasiyasında mübarizə aparacaq.
Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsi ilk dəfə təşkil olunub. Milli seçim turu və onlayn-yarımfinalı uğurla keçən 20 komanda milli finala vəsiqə qazandı. Ümumdünya Finalında olduğu kimi Milli Finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışıblar: “İnnovasiya”, “Oyunlar” və “Dünya vətəndaşlığı”. Peşəkar münsiflər tərəfindən qiymətləndirilən layihələr arasından hər üç nominasiya üzrə qaliblər müəyyən edilib. Milli finalda “İnnovasiyalar” nominasiyası üzrə “NoObs” komandası qalib gəlib. Qaliblər beynəlxalq onlayn-yarımfinalda iştirak edib və yalnız bir komanda ümumdünya finalına vəsiqə qazana bilib. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq və onlar qlobal innovasiya akselerator proqramlarına qoşulacaqlar.
Azərbaycanda “Imagine Cup” müsabiqəsi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, “Microsoft Azerbaijan” şirkəti və “Nar” rabitə operatorunun təşkilatçılığı ilə həyata keçirilib.

Mətbuat və informasiya şöbəsi, 09 iyun 2015-ci il.

Bookmark and Share