Beynəlxalq jurnallardakı məqalələrə rəy verən BDU alimlərinin fəaliyyəti yüksək qiymətləndirilib
26/09/2020“Clarivate Analytics” şirkətinin “Web of Science” bazasına daxil olan nüfuzlu jurnallardakı məqalələrə müsbət və ya mənfi rəy yazan alimlərin fəaliyyətini araşdırır və hər ölkə üzrə son 1 ildə rəy yazan alimlərin siyahısını dünya elmi ictimaiyyətinə təqdim edir. Azərbaycan üzrə təqdim olunan siyahıda Bakı Dövlət Universitetinin (BDU) alimlərinin fəaliyyəti yüksək qiymətləndirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin alimlərindən Əməkdar elm xadimi, Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanov və Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının dissertantı Solmaz Əliyeva bu siyahıda ilk onluqdadır.