Dekanlar birinci kurs tələbələri ilə görüşüblər

14/09/2015

Bakı Dövlət Universitetinin akt zalında Fizika, Kimya, Biologiya  və Ekologiya və Torpaqşünaslıq fakültələrinin dekanları 2015-2016-cı tədris ilində universitetə qəbul olan birinci kurs tələbələri və onların valideynləri ilə görüş keçiriblər. Görüşdə Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov əvvəlcə tələbələri və valideynlərini təbrik edib, onlara tələbəlik illərində uğurlar arzulayıb. Sonra fakültə dekanı Bakı Dövlət Universitetində, o cümlədən fizika fakültəsində təhsilin təşkili, imtahanların keçirilməsi qaydaları, tələbələrin vəzifələri, valideynlərlə qarşılıqlı münasibətlərin qurulması, fizika fakültəsinin tarixi, fakültənin tanınmış məzunları, elmi və maddi-texniki potensialı, professor-müəllim heyəti barədə məlumat verib. Professor M.Ramazanov daha sonra  tələbələri və valideynləri maraqlandıran sualları cavablandırıb. Fizika fakültəsinin tyutoru Şirxan Hümbətov tələbələrin qruplar üzrə siyahısını elan etdikdən sonra digər fakültələrin görüşü baş tutub. Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov tələbələri təbrik etdikdən sonra fakültənin strukturu və fəaliyyəti haqqında onları məlumatlandırıb.  Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev də öz nöbəsində tələbələri salamlayıb, yeni tədris ilində müvəffəqiyyətlər arzuladıqdan sonra BDU-nun tələbə həyatı, eləcə də fakültənin maddi-texniki bazası haqqında danışıb. Ekologiya və Torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov Ekologiya və Torpaqşünaslıq fakültəsi haqqında məlumat verib, fakültənin yeni tələbələrini qarşılamağa hazır olduğunu bildirib. Tələbələr qrupları ilə tanış olduqdan sonra görüş başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 14 sentyabr 2015-ci il.

Bookmark and Share