ELAN
25/11/2015Təhsil Nazirliyi, “Microsoft Azerbaijan” şirkəti, “Yüksək Texnologiyalar Parkı” və “Nar Mobile” rabitə operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli seçim turuna start verib.
“Microsoft Imagine Cup” dünyanın bir sıra ölkələrinin tələbələri arasında hər il keçirilən genişmiqyaslı innovasiya müsabiqəsidir. Bu müsabiqə Azərbaycanda ikinci dəfə təşkil olunur. Müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar” kateqoriyaları üzrə iştirak edə bilər. Müsabiqədə iştirak üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.
Müsabiqə 16 yaşına çatmış tələbələr üçün təşkil olunur. Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi təmsil oluna bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmağı bacarmalıdır.
Müsabiqədə iştirak üçün qeydiyyat dekabrın 25-dək davam edəcək. Gələn ilin yanvarın 1-dən aprelin 15-dək isə müsabiqəyə hazırlıq işləri aparılacaq və apreldə milli turun finalı keçiriləcək. Milli seçim turunun 3 nominasiya üzrə qalibləri ikinci turda – gələn ilin may ayında onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansı əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycanı təmsil edən komanda ötən “Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur qazanıb. ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri - Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət “NoObs” komandası “İnnovasiyalar” kateqoriyasında II yeri tutub. Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycan komandasına “bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan, “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsi uğur gətirib.