Elimlər Doktoru proqramı üzrə ilkin müzakirə keçirilib
23/06/20212021-ci il 23 iyun tarixində Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən “Diferensial və inteqral tənliklər” kafedrasının doktorantı Sevda Elxan qızı İsayevanın elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Qeyri-stasionar tənliklər üçün akustik qoşmalıq şərtli və yaddaş operatorlu qarışıq məsələlər“ mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Dissertasiya işində maye və qaz mexanikasında yaranan qeyri-xətti dalğa tənlikləri üçün akustik qoşmalıq şərtli qarışıq məsələlərə baxılıb. Qeyri-xəttiliklər üzərinə olan müəyyən şərt daxilində fokuslanmış mənbələrlə olan qeyri-xətti dalğa tənlikləri üçün akustik qoşmalıq şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı haqqında, qeyri-xəttiliklər üzərinə olan digər şərt daxilində isə həmin məsələlərin həllərinin sonlu zaman müddətində dağılması haqqında nəticələr əldə olunub. Fokuslanmamış mənbələrlə olan qeyri-xətti dalğa tənlikləri üçün akustik qoşmalıq şərtli qarışıq məsələlərə də baxılıb və həllin varlığı, yeganəliyi, həllin eksponensial azalması haqqında teoremlər isbat olunub. Fokuslanmamış mənbələrlə olan qeyri-xətti dalğa tənlikləri üçün akustik qoşmalıq şərtli qarışıq məsələnin minimal qlobal attraktorunun varlığı haqqında nəticə də əldə olunub. Bunda başqa müxtəlif bioloji, texnoloji və kimyəvi proseslərin təsvirində yaranan yaddaş operatorlu qeyri-xətti hiperbolik və parabolik tənliklər üçün qarışıq məsələlərə baxılıb və bu məsələlər üçün həllin varlığı və yeganəliyi, həmçinin hiperbolik tənlik halında minimal qlobal attraktorun varlığı haqqında nəticə əldə olunub.