Fizika fakültəsinin dekanı vəfat edib

25/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Əhməd oğlu Ramazanov vəfat edib. 62 yaşında dünyasını dəyişən M.Ramazanov 1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb.
2005-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayaraq Nanoaraşdırmalar Mərkəzinin rəhbəri təyin edilib. Dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya sahəsində bir sıra maraqlı elmi-tədqiqat işləri aparıb. 2012-ci ildən Fizika fakültəsinin dekanı idi.
1988-ci ildə "Polimer-pyezoelektrik kompozisiyalar sistemində pyezoelektrik effektinin xüsusiyyətlərinin formalaşması" mövzusunda namizədlik, 2009-cu ildə "Aktiv polimer mikro və nanokompozitlərin quruluş və xassələrinin formalaşmasında fazalararası hadisələrin rolu" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
20-yə yaxın qrant layihəsinin həmmüəllifi olan alimin 230-dan artıq məqaləsi nüfuzlu xarici elmi jurnallarda, o cümlədən, onlardan 112 məqalə Thomson Reuters Agentliyinin siyahısına daxil olan və yüksək impakt faktora malik jurnallarda çap olunub. 547 elmi əsərin, 24 ixtiranın, 1 dərsliyin və 2 dərs vəsaitinin müəllifidir.

Allah rəhmət eləsin!

 

Bookmark and Share