“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”

08/05/2015

Bu gün Bakı Dövlət Universitetində “Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub. Faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan bu layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).
Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki, faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın müstəsna xidmətlərini bilirik və əslində bu barədə çəkilmiş filmə baxmağa toplaşmışıq. Lakin mən öncə xalqımızın tarixinə qanlı hərflərlə yazılmış erməni qəsbkarları tərəfindən Şuşanın işğalı gününü yada salmaq və Şuşa və ümumiyyətlə Qarabağ uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyimizi istəyirəm. 
Rektor deyib ki, ikinci Dünya müharibəsi illərində Azərbaycan xalqı böyük igidliklər göstərib, bununla bərabər qələbənin əldə edilməsində arxa cəbhədə əldə edilən uğurlar, xüsusən Bakı nefti müstəsna rol oynayıb. Müharibə illərində Sovet cəbhəsinə verilən neftin 95 % Azərbaycan neftçilərinin payına düşüb: “Bundan başqa, Azərbaycanda çox surətlə inkişaf edən neft və kimya elmi düşmən tərəfi bərk narahat edirdi. yalnız bir faktı demək kifayət edər ki, o zaman Bakı Dövlət Universitetinin professoru olan Yusif Məmmədəliyev donmayan mühərrik yağları və yüksək oktanlı benzin kəşf etmişdi ki, bu hərbi aviasiya sənayesində böyük inqilab demək idi. Buna görə Faşist Almaniyası Bakını tutmaq və bununla da, müharibədə üstünlüyü əldə etmək istəyirdi. İndi sizin baxacağınız “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi də bu məsələyə həsr olunub. Bu sənədli film Azərbaycanın İkinci Dünya müharibəsindəki tarixi roluna həsr olunub və 10 xarici dilə tərcümə olunub. Film dünyanın müxtəlif arxivlərində toplanmış sənədlərdən və tarixi xronikadan istifadə etməklə yaradılı”.
Rektor qeyd edib ki, bu filmin ərsəyə gəlməsi hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir və hamımızın adından “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı bu sənədli filmin bütün yaradıcı heyətinə, xüsusən də Arzu xanım Əliyevaya təşəkkürümüzü bildirməliyik. Əminəm ki, bu film sizə tariximizi daha dolğun və dürüst bilməyə, həmçinin bu vətəni daha artıq sevməyə, onu daha yüksək dəyərləndirməyə və onunla qürur hissi keçirməyə yardımçı olacaqdır.
Sonra universitetin professor-müəllim heyəti “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminə tamaşa ediblər.

Mətbuat və informasiya şöbəsi, 08 may 2015-ci il.

Bookmark and Share