Çinin nümayəndə heyəti BDU-da olub

24/06/2016

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çinin Asiya və Afrika Konfutsi İnstitutlarının fəaliyyəti üzrə direktor müavini Şao Xu Bo, eyni zamanda Hanban və Anhui Universitetinin nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnunluq hissi keçirdiyini bildirib. BDU-da Konfutsi İnstitutunun fəaliyyət göstərdiyini qeyd edən rektor institutun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası ilə birgə təsdiq olunmuş iş planına əsasən müxtəlif səpkili elmi, təhsil, mədəni tədbirlər, o cümlədən ildə iki dəfə Çin dilini bilmə səviyyəsini təsdiq edən beynəlxalq səviyyəli imtahanlar keçirdiyini diqqətə çatdırıb. Rektorun sözlərindən o da bəlli olub ki, hazırda universitetin çin dili və ədəbiyyatı üzrə məzunlarından bir nəfəri Pekin Xarici Dillər Universitetində doktorantura təhsili alır, bir nəfər magistr dərəcəsi alıb, 41 nəfər ÇXR Təhsil Nazirliyinin Hanban Baş İdarəsinin qrant xətti ilə bu ölkənin müxtəlif universitetlərində təcrübə keçib, 10 nəfəri isə ÇXR-in Bakıdakı şirkətlərində işlə təmin olunub.

Nümayəndə heyətinin rəhbəri, Çinin Asiya və Afrika Konfutsi İnstitutlarının fəaliyyəti üzrə direktor müavini Şao Xu Bo onlara göstərilən isti münasibət üçün universitet rəhbərliyinə təşəkkür edib. BDU ilə Konfutsi İnstitutlarının sıx əlaqələr qurduğunu, bu əlaqələrin günü-gündən genişləndiyini diqqətə çatdırıb, humanitar və təbiət sahələri üzrə birgə layihələrin yerinə yetirilməsində və tələbə-müəllim mübadiləsində maraqlı olduqlarını bildirib.

Daha sonra qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyalarında olublar.

Mətbuat və informasiya şöbəsi, 24 iyun 2016-cı il.

Bookmark and Share