Konfutsi İnstitutu tərəfindən Çin dilindən 1-5 səviyyələri üzrə imtahanlar keçirilib
29/03/2015Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi  İnstitutu tərəfindən Çin dilindən 1-5 səviyyələri üzrə imtahanlar  keçirilib. HSK (Çin dili qabiliyyət testi) və HSKK (Çin dili danışıq  testi) imtahanlarında respublikanın müxtəlif ali təhsil məktəblərindən  ümumilikdə 47 tələbə iştirak edib. İmtahanlara Konfutsi İnstitutunun  müəllimləri nəzarət ediblər. Tələbələrə Çin dili üzrə müxtəlif  səviyyələrdə biliklərini yoxlamaq üçün bir saat vaxt verilib.
 İmtahanlar ildə dörd dəfə 1-6 səviyyədə keçirilir. İmtahan özündə üç  hissəni – dinləmə, yazılı və şifahi imtahanı birləşdirir. Bu zaman  tələbələrin səviyyəsi dinləmə və danışıq, oxumaq və yazmaq üzrə  hərtərəfli yoxlanılır. İmtahanlarda ikinci səviyyədən keçən tələbələr  altı ay, üçüncü səviyyədə uğur qazananlar isə bir il müddətində Çində  təhsil almaq hüququ qazanırlar. Beşinci səviyyədən keçən tələbələr isə  bu ölkədə magistratura təhsili ala bilərlər.
 Qeyd edək ki, dünyanın  126 ölkəsində eyni gündə Konfutsinin 500 institutu tərəfindən səviyyə  imtahanları keçirilir. BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi  İnstitutu Azərbaycanda Çin dilinin tədrisi və bu dildə mütəxəssis  yetişdirmək tədbirlərini uğurla davam etdirərək ölkələrimiz arasında  dostluq münasibətlərinin genişlənməsinə öz töhfəsini verir.
Mətbuat və informasiya şöbəsi, 29 mart 2015-ci il.
|  |  | 
|  |  | 
 
                        


