Mexanika-riyaziyyat fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş virtual konfrans keçirilib

12/12/2020

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Videokonfransı giriş sözü ilə açan Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov qeyd edib ki, Azərbaycan tarixinə qurucu və xilaskar kimi daxil olan Ümummilli lider Heydər Əliyev xalqımızın mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Bu gün illər keçsə də Azərbaycan xalqı tarixində xilaskar rol oynamış ulu öndər Heydər Əliyevin xatirəsini xüsusi ehtiramla yad edir. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Daha sonra söz tədbir iştirakçılarına verildi. Çıxışçılar ulu öndərin Azərbaycan tarixindəki misilsiz yeri barədə ətraflı məlumatlar verdilər. Konfrans iştirakçıları “Heydər Əliyev dühası”, "Şərəfli ömür yolu", "Mən fəxr edirəm ki, azərbaycanlıyam!", “Xalqa bağışlanan ömür”,  “Qəlblərdə yaşayan düha” və bu kimi digər mövzularda geniş söhbət açıblar. Mexanika-riyaziyyat fakültəsinin tələbələri Azərbaycanı qalib dövlətə çevirən Ali Baş Komandan, cənab prezident İlham Əliyevin Ümummilli liderin qoyduğu siyasi kursu layiqincə davam etdirdiyini, onun arzusu olduğu Qarabağı Azərbaycan xalqına yenidən geri qaytarmaqla bunu bir daha sübut etdiyini bildirdilər. Müstəqil Azərbaycan xalqı yaşadıqca Ulu Öndər də yaşayacaqdır. Bu gün Azərbaycan xalqı fəxr edir ki, Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir. Bugünkü Qalib Azərbaycanın təməli məhz Ulu Öndərimiz tərəfindən qoyulduğunu xüsusi vurğuladılar.

Bookmark and Share