Mexanika-riyaziyyat fakültəsində virtual elmi seminar keçirilib

06/07/2020

Məruzədə ikitərtibli xətti hiperbolik tənlik üçün qarışıq məsələdə iki aralıq müşahidə anları olan kvadratik funksionallı başlanğıc idarəetmə məsələsindən danışılıb. Funksionalın infimumunun sıfıra bərabər olduğu hal, qoşma məsələnin daxil olunması və variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri və kafi şərtlərin alınması haqqında geniş məlumat verilib.

Videobağlantıya qoşulan rektor Elçin Babayev iştirakçıları salamlayaraq bildirib ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar davamlı olaraq Bakı Dövlət Universitetində konfranslar, seminarlar, ustad dərsləri, müzakirələr, iclaslar onlayn formada keçirilir. Hazırkı dövrümüz elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin maddi və mənəvi həyatında baş verən mühüm dəyişikliklərlə əlamətdardır. Elm və texnika cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayır, onun inkişafı üçün hədsiz imkanlar açılır.

Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov kompüter elmlərinin sürətli inkişafının riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artıraraq təbiət və cəmiyyətin müxtəlif sahələrində yeni riyazi üsulların yaranmasına imkan yaratdığını nəzərə çatdırıb. Fakültənin elmi-pedaqoji kadrların hazırlanmasına verdiyi tövhələrdən danışan N.İsgəndərov sonda fakültənin 2020-ci ilin ilk yarım ili ərzindəki elmi və pedaqoji fəaliyyəti haqqında ümumi hesabatı təqdim edib.

Mexanika-riyaziyyat fakültəsinin əldə etdiyi elmi uğurlardan danışan rektor fakültədə kadr potensialının daha da yaxşılaşdırılması yönündə görülən işlərə, fakültənin elmin tərəqqisinə, ictimai həyatın bütün istiqamətlərinə verdiyi töhfələrə və qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor Elçin Babayev riyaziyyat sahəsində ikili diplom proqramları istiqamətində aparılan işlərin sürətləndirilməsi haqqında tövsiyyələr verib.

Elmi seminarın moderatoru, BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov keçirilən onlayn elmi seminarların, ustad dərslərinin elm və tədqiqat işlərinin onlayn formada davam etməsinə böyük töhfələr verdiyini bildirib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.

 

 

Bookmark and Share