Prezident turniri
26/12/2017"ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin keçirdiyi "Prezident turniri" layihəsi başa çatıb. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Dövlət Universiteti və MASTER ACADEMY Tədris Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən layihənin qaliblərinin mükafatlandırılması mərasimi ötən gün baş tutub.
Təbdirdə çıxış edən birliyin sədri Səbuhi Abdullayev bildirib ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin intellektual potensialının artırılmasıdır: "Bizim birliyin fəaliyyət istiqaməti adından da göründüyü kimi elmlə bağlıdır. Gənclərin bu istiqamətdə inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq. Layihəmizin məqsədi də məhz gənclərin bu istiqamətdə inkişafına töhfəmizi verməkdən ibarətdir. Layihənin adına gəlincə, biz 4 ildir ki, davamlı olaraq Ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində olimpiada keçiririk. Düşündük ki, bu tədbiri Ulu öndərimizin fəaliyyətini davam etirən İlham Əliyevin ad günü ərəfəsində keçirək. Ona görə "Prezident turniri" adlandırdıq. İlham Əliyev Ulu öndərin əsasını qoyduğu gənclər siyasətini bu gün uğurla davam etdirir. Ölkədə bu gün 150-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, gənclərimizin inkişafı üçün müxtəlif istiqamətdə tədbirlər görülür".
Qeyd edək ki, ümumilikdə layihədə respublikada fəaliyyət göstərən 10-dan çox ali təhsil müəssisəsinin 2000-dən çox tələbəsi iştirak edib. Turnir 3 turdan ibarət olub. Birinci mərhələdə iştirak edən gənclər arasından 50 nəfəri ikinci tura keçmək şansı qazanıb. İkinci mərhələdə iştirak edənlərin 20-si finala vəsiqə əldə edib. Filanda isə 3 nəfər qalib müəyyənləşib.
Sonda qaliblərə diplom və hədiyyələr, 10 ən yaxşı iştirakçıya sertifikat təqdim olunub.