“Qanlı yanvar” filminin Bakı Dövlət Universitetində nümayişi keçirilib
21/05/2015Universitetin rektoru Abel Məhərrəmov tarixi yaşatmağın tələbat və mədəniyyət olduğunu deyərək, gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edən filmin əhəmiyyətindən danışıb. Bildirib ki, həmin gün Azərbaycan adlı kiçik bir respublika öz milli azadlıq və müstəqilliyi uğrunda böyük bir imperiya ilə mücadiləyə qalxdı və SSRİ ordusu tərəfindən öz qanına qəltan edildi. Qəlblərindəki azadlıq yanğısı ilə alışan gənclər və yeniyetmələr ən şirin nemət olan həyatlarından belə keçməyə hazır olduqlarını meydana qoydular. Rektor deyib ki, “Qanlı yanvar” filmi həmin hadisəni bizə bir azərbaycanlı ailəsinin-Nərimanovların gözü ilə göstərir. İki qardaş, KGB zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat - inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıb. Hər iki qardaş Azərbaycanı çiçəklənən və firavan görmək istəyir. Filmdə analarının dediyi kimi “sadəcə onların yolları və yoldaşları ayrıdır!”.
Sonda filmin ərsəyə gəlməsində xidməti olan bütün əməkdaşlara, xüsusən rejissor Vahid Mustafayevə Bakı Dövlət Universitetinin kollektivi adından təşəkkürünü bildirən rektor minnətdarlıq plagetini ona təqdim edib.
Çıxış edən rejissor Vahid Mustafayev bildirib ki, bütün yaradıcı heyət filmin başa çatması üçün əlindən gələni edirdi. Göstərmək istəyirdik ki, həmin hadisələrdə xalqımız ruh düşkünlüyü keçirməyib, biz qruban yox, şəhid vermişik. Filmdə bir mülayim tankçı əsgər obrazı vermişəm. Hansı ki, ailəlidir, 2 uşağı var və tezliklə onlara qovuşmaq istəyir, hətta barrikadaların üzərinə tankı sürmür. Filmin sonunda baş qəhrəman Mehdi həmin mülayim tankçının yalvarışlarına baxmayaraq, əlinə keçən avtomatın güllələrini onun sinəsinə buraxır. Bu isə o deməkdir ki, bizim heç kimə yazığımız gəlmir, heç nəyi güzəşt etməyəcəyik və müstəqilliyimizin əbədiliyi üçün əlimizdən gələn hər şeyi edəcəyik.
Sonda filmdə çəkilən aktyorlar səhnəyə dəvət edilərək tamaşaçılara təqdim ediliblər.
Mətbuat və informasiya şöbəsi, 21 may 2015-ci il.