Şərəfli ömür yolu – Məmməd Yaqubov 80

31/01/2021

Məmməd Haxverdi oğlu Yaqubov 1941-ci il, fevralın 2-də Naxçıvan MR, Culfa rayonuda anadan olmuşdur. Məmməd Yaqubov 1965-ci ildən BDU-nun “Diferensial və inteqral tənliklər” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1990-cı ildən isə həmin təhsil ocağında yeni yaranan “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasında işləyib və 1997-ci ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub. Məmməd Yaqubovun elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, 1999-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2019-cu ildə BDU-nun 100 illiyində isə “Əməkdar elm xadimi” adına layiq görülüb. Məmməd Yaqubov təkcə elmdə və təhsildə deyil, həm də həyatda alim, müəllim, ziyalı kimi həmkarlarının, tələbələrinin, yetirmələrinin qəlbində özünə əbədi məskən salıb. Professor Məmməd Yaqubov 1972-1994-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsi Elmi Şurasının elmi katibi olub. O, müxtəlif vaxtlarda Ali Attestasiya Komissiyasının İxtisaslaşdırılmış Müdafiə şuralarının elmi katibi olmuşdur. Son illərdə M.Yaqubov üçtərtibli xüsusi törəməli tənliklərlə (psevdo-parabolik tənliklər) təsvir olunan və demək olar ki, tədqiq olunmamış optimal idarəetmə məsələlərini araşdırmaqla məşğuldur. Bu sahədə optimallıq üçün zəruri və kafi şərtlər, xətti üçtərtibli tənlik üçün kvadratik meyarlı optimal idarəetmə məsələlərində paylanmış idarəedici və sərhəd idarəedicili məsələlərdə idarəedicililərin sıra şəkilində qurulması məsələləri ilə məşğul olur və bu sahədə də bir tələbəsi namizədlik dissertasiyası müdafiə edib, riyaziyyat üzrə fəlsəfə doktoru elmi adı alıb. Məmməd müəllim elmi tədqiqatla məhsuldar məşğul olub. Belə ki, onun rəhbərliyi altında 16 tədqiqatçı namizədlik dissertasiyası müdafiə edib, bir tədqiqatçının riyaziyyat üzrə doktorluq dissertasiyasının elmi məsləhətçisi olub, 20-dən çox dissertasiya müdafiəsində rəsmi opponent kimi çıxış edib. Elmi araşdırma aparmaqla paralel M.Yaqubov 1965-ci ildən həm də tədrisə ciddi önəm verib. 1965-ci ildən başlayaraq M.Yaqubov BDU-da “Adi diferensial tənliklər”, “Variasiya hesabı və optimallaşdırma üsulları”, “Ekstremal məsələlər nəzəriyyəsi”, “Riyazi proqramlaşdırma”, “Qeyri-xətti analiz”, “İdarəetmə nəzəriyyəsinin riyazi problemləri”, “İnteqral tənliklər”, “İqtisadi riyazi modellər və tətbiqləri” kurslarından mühazirə oxuyur. Professorlar Q.Əhmədov, K.Həsənov və M.Yaqubovun uzun illər “Adi diferensial tənliklər” kursundan oxuduqları mühazirələr əsasında yazdıqları “Adi diferensial tənliklər” dərsliyi 1978-ci ildə işıq üzü görüb. Bu kitaba olan böyük tələbat onun ikinci dəfə nəşr olunmasını zəruri edib. Ona görə də müəyyən əlavələr və dəyişikliklərlə həmin dərslik 2015-ci ildə yenidən nəşr olunub. Xatırladaq ki, Məmməd Yaqubov ali məktəblər üçün 2, orta məktəblər üçün 7 dərsliyin, ali məktəblər üçün 4, orta məktəblər üçün isə 12 dərs vəsaitinin, 100-dən çox elmi, 20-dən çox metodik məqalələrin müəllifidir. 1985-ci ildən Amerika Riyaziyyat Cəmiyyətinin üzvü və ri- yaziyyat üzrə ABŞ-da nəşr olunan referativ curnalın referentidir.

Məmməd Yaqubovun yubileyi münasibəti ilə tələbələri - riyaziyyat üzrə elmlər doktoru, professor Maqsud Nəcəfov, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet Quliyev və riyaziyyat üzrə elmlər doktoru Şakir Yusubov tərəfindən yazılmış Şərəfli ömür yolu (Respublika qəzeti, 30.01.2021) adlı məqaləni oxumaq üçün aşağıdakı linkə keçid edə bilərsiz:

http://www.respublica-news.az/images/pdf/2021.01.30.pdf

Bookmark and Share