"Sputnik Azərbaycan" informasiya agentliyi və radiosunun rəhbəri BDU-da

05/05/2016

"Sputnik Azərbaycan" informasiya agentliyi və radiosunun rəhbəri Əziz Əliyev və mətbuat katibi Talıb Bərxudayev jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. Beynəlxalq jurnalistika kafedrasının müəllimi, fəlsəfə doktoru Vəfa İsgəndərovanın dəvət etdiyi qonaqlar bir sıra maraqlı məsələlərə toxunub. Əvvəlcə, media qurumunun informasiya siyasəti haqqında danışan qonaqlar əsas diqqətin xəbərlərdən əlavə insan həyatına yönəldildiyini qeyd ediblər. Tələbələrin suallarını cavablandıran nümayəndələr 2015-ci ilin iyul ayında müzakirə mövzusu olmuş “Rossiya Seqodnya”nın erməni baş redaktoru Marqarita Simonyan haqqında da məsələyə toxunub. Əziz Əliyev bildirib ki, M.Simonyanın “Sputnik”lə əlaqəsi yoxdur, o, “Russia Today” ilə birbaşa bağlıdır. Sadəcə, "Sputnik" də "Rossiya Seqodnya"nın tərkibindədir. Ə.Əliyev də həmçinin tələbələrə “jurnalist və redaktor olanda KİV-də nəyi dəyişəcəksiniz?” sualını ünvanlayıb. Tələbələr isə suala daha çox maarifləndirici jurnalistikanı inkişaf etdirəcəklərini bildiriblər. Sonda tələbə-jurnalistlərə öz ürək sözlərini deyən Əziz Əliyev onlara işlərini, jurnalistikanı, Vətənini sevməyin, ona bağlı olmağın mütləqliyini söyləyib, “jurnalist əvvəlcə vətəndaş, daha sonra jurnalistdir” fikirini qeyd edib. Görüşün sonunda tələbə-jurnalistlər qonaqlarla xatirə fotosu çəkdiriblər.

Mətbuat və informasiya şöbəsi, 05 may 2016-ci il.

Bookmark and Share